Döngələr
15 sentyabr-Bakı Döyüşü
İkinci Bakı hücumuQafqaz İslam Ordusunun Bakıya yürüş planı
15-ci piyada diviziyasının yardıma gəlməsiylə, Qafqaz İslam Ordusu Komandanlığı 10 sentyabrda bir əmr yayaraq, cəbhədəki bütün hərbi birləşmələrin hücum hazırlığına başlamasını tələb etdi. Şərq Cəbhəsi Komandanlığı və buna tabe olan şimal Qrupu ləğv edilərək, hərəkata başçılıq edəcək Qafqaz İslam Ordusunun tabeliyinə verildi. 5-ci Qafqaz piyada diviziyasında Mürsəl paşa, 15-ci piyada diviziyasında podpolkovnik Süleyman İzzət bəy, Cənub Qrupu hərbi birliklərinə isə polkovnik (albay) Cəmil Cahid bəy komandanlıq edəcəkdi. Podpolkovnik Həlim Pərtəv bəy də Cənub Qrupu tabeçiliyində olan Azərbaycan Türklərindən təşkil olunmuş milislərdən ibarət 4-cü alayı sövq və idarə edəcəkdi. Qafqaz İslam Ordusu Qərargahı ilə 5-ci Qafqaz piyada diviziyasının qərargahı Güzdəkdə, 15-ci piyada diviziyasının qərargahı isə Binəqədidə olacaqdı.
General Deustervilin xatirələrində yazdığına görə, 12 sentyabrda ingilislərə sığınan ərəb əsilli bir əsgər, Bakıya ediləcək əsl hücumun ayın 14-də Qərb cəbhəsindən başlayacağını bildirmişdi. Bu halda, Lənkərandakı rus əhalidən təşkil olunmuş milisin gücü ilə Muğan düzündə Türk ordusuna arxadan həmlə edilməsini düşündü, ancaq vaxtın az olduğunu nəzərə alaraq, bu fikrindən daşındı.
İkinci Bakı hücumundan əvvəl şəhərdə əhval-ruhiyyələr xeyli fərqli idi. Şəhərdəki türklər səbirsizliklə Türk Qafqaz İslam Ordusunun hücuma keçməsini gözləyirdi, rus, erməni və ingilislər isə təlaş içində idilər. Xalq qorxu içindəydi. Sentrokaspi hökuməti də Bakıda növbəti səfərbərlik elan etmişdi. Belə ki, küçəyə çıxan xəstə, axsaq, əlini, bir gözünü itirən kişiləri belə cəbhəyə sürükləyirdilər. Bakıdakı rus əhali isə erməni daşnakların bu hərəkətindən bərk narahat idi. Zorla səfərbərliyə alınanların sayı Sentrokaspi hökumətinin hesabına görə 72 minə çatmışdı. Bunlardan 30 mini rüşvət verərək cəbhəyə getməkdən canını qurtarmışdı. Silah verilmiş min nəfərdən isə, ancaq 3-5 mini cəbhəyə getmişdi. Bunlar arasında peşələrinə görə də hərbi qruplar təşkil olunmuşdu.
Hücum hazırlıqlarını yerindəcə görmək və lazımi təlimatlar vermək üçün Şərq Orduları Qrupu Komandanı Xəlil paşa cəbhə xəttinin ən ön nöqtələrinə qədər getdi. Ordu və diviziya komandirləri ilə cəbhə xəttindəki mövqelərdə məsləhətləşmələr, hücumun necə olacağı barədə fikir mübadiləsi apardı. Mehmetçiyin vəziyyətini yoxladı və onları ruhlandırdı.
Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı, hazırladığı döyüş planına görə, Bakıya əsaslı hücumun sentyabrın 13-dən 14-nə keçən gecə yarısı, qərb istiqamətindən başlanmasını qərara aldı. Düşməni çaşdırmaq üçün də bəzi tədbirlər görüldü. Bakıya hücumun şimaldan ediləcəyi görüntüsünü vermək üçün cəbhədəki ordunun böyük bir bölüyü 3 sentyabrdan etibarən Yanardağ və Binəqədi ətrafına yığılmışdı. Bakı hökumətinin əlində olan təyyarələr, hücum başlayan günə qədər hər gün kəşfiyyat uçuşları keçirirdi və türk əsgərinin şimal bölgəsinə cəlb edilməsini müşahidə edirdi.
Komandirlərin müşavirəsində 15-ci piyada diviziyası komandanı podpolkovnik Süleyman İzzət bəy, hücum haqqında fikirlərini söyləyərkən, 5-ci Qafqaz piyada diviziyasının yerləşdiyi mövqelərdən gecə basqını şəklində hücuma keçmənin uyğun olacağını bildirdi. Əsl hücum qüvvələrinin güclü top atəşinin müşayiəti ilə Biləcərinin şərqindən və bu qəsəbənin yüksəkliklərindən hücuma keçməsini təklif edən Süleyman İzzət bəy azərbaycanlılardan qurulan süvari birliklərinin də Əhmədli bölgəsindən hücuma keçərək, Bakını müdafiə edən düşmənin diqqətini yayındırmasının ağlabatan olduğunu bildirdi. Beləliklə, üzük qaşı kimi əhatə olunan erməni, rus və ingilis ordularının, limandakı gəmilərə minib qaçmalarına fürsət verilmədən, məhv edilmələrini qeyd etdi. Ancaq Komandanlıq bu döyüş planını bəyənmədi.
Bakıdakı Daşnak – bolşevik qüvvələrinə köməyə gəlmiş ingilis döyüşçüləri
Qafqaz İslam Ordusu qərargahının bəyəndiyi hücum planı belə idi: düşmənə, türk hərbi qüvvələrinin hərəkəti nəticəsində, əsl hücumun Bakının şimal bölgələrindən başlanacağı görüntüsü verilməli idi. Düşmən yanlış hazırlıq görəcək, o zaman əsl hücum qrupu qərb cəbhəsində toplanan 5-ci Qafqaz piyada diviziyası olacaqdı. Diviziyanın tabeliyindəki qoĢun hissələri Hacıhəsən kəndinin şərqindən, Sarıxaçlı Kilsəsi kəndi istiqamətində basqın şəklində irəli hərəkətə başlayaraq, ağır silah işlətmədən, yalnız qumbara və süngü hücumu ilə düşmənin ilk müdafiə xəttinə basqın edərək düşmənin birinci səngərlərini ələ keçirəcəkdi. Bura çatdıqdan sonra dərhal düşmənin ikinci müdafiə xətti üzərinə yeriyərək oranı da işğal edəcəkdi. Bu vaxtlar havanın işıqlanacağı nəzərə alınaraq, 35 topun müşayiəti ilə, vaxt itirmədən irəli hərəkəti davam etdirəcəkdi.
Eyni zamanda zirehli qatar Heybət stansiyasına doğru hərəkət edərək, Qurd qapısı təpəsində yerləşən düşmən mövqelərinə atəş açaraq onların diqqətini özünə cəlb edəcəkdi. Beləliklə, hücuma keçən 5-ci Qafqaz piyada diviziyasının sağ cinahını, düşmənin atəşindən qoruyacaqdı. 5-ci Qafqaz piyada diviziyasının əsl qüvvə mərkəzi sol tərəfdə olacaqdı. Ordu ehtiyatı olaraq ayrılan 106 və 107-ci Qafqaz alayları, Çəkmal kəndi ətrafında yerləşəcək və hər an hazır vəziyyətdə gözləyəcəkdilər. Salyan dəstəsi isə 5-ci Qafqaz piyada diviziyasının əmrində Ələt-Puta bölgəsində dayanacaqdı. Diviziyanı yan tərəfdən qoruyacaq və dəmir yolu ilə əlaqəsini təmin edəcəkdi.
15-ci piyada diviziyası isə düşmənin, əsl hücum istiqaməti zənn etdiyi şimal cəbhəsində idi. Bu diviziyanın vəzifəsi hücum görüntüsü yaratmaq idi. Gecə yarısından etibarən Biləcəri, Balaxanı, Suraxanı və Əhmədli istiqamətlərində, aramsız top və pulemyotların müşayiəti ilə, şimaldan güclü bir hücum başlandığı görüntüsü yaradacaq, kəşfiyyat edərək düĢmən üzərinə yeriyəcəkdi. Bu diviziyanın hədəfi Əhmədli bölgəsini ələ keçirərək Bakının şimal və şərq istiqamətlərindən şəhərə girmək idi. Digər tərəfdən də əsl hücumu gerçəkləşdirməli olan 5-ci Qafqaz piyada diviziyasına qarşı əlavə qüvvə göndərilməsinə mane olacaqdı. Beləliklə, qərb cəbhəsindən edilən əsl hücumun uğurla nəticələnməsi üçün heç bir müqavimətlə qarşılaşmadan düşmənin müdafiə xəttinin qərb və şimal istiqamətlərindən parçalamasını təmin edəcəkdi.
Tofiq bəy və ya Maştağa dəstəsi, Balaxanı bölgəsindən Bakıya doğru irəliləyəcək və Zehni bəyin Süvari dəstəsinin qarşısındakı düşməni arxadan mühasirəyə alacaqdı. Zehni bəyin dəstəsi isə Tofiq bəyin dəstəsi ilə birləşərək Əhmədli üzərinə yeriyəcəkdi.
Bakıdakı daşnak – bolşevik qüvvələrini top atəşinə tutan türk əsgərləri
Ediləcək hücum haqqındakı Bakı Hazırlanmış Qərargahı 1918-ci ilin 13 sentyabr günü Xəlil və Nuru paşalar ilə diviziya komandanlarına göstərildi.
Türk ordusunun əlavə qüvvələr aldığını görən düşmən ordusunda ruh düşkünlüyü yaranmışdı. Hücum hazırlıqları davam edərkən, son bir neçə gün içərisində Ənzəlidən 900 nəfərlik ingilis qüvvəsi və Dağıstanın Mahaçqala şəhərində olan Biçeraxova tabe qüvvələrdən rusların çoxluq təşkil etdiyi 500 nəfərlik bir qüvvə da Bakıya köməyə gəlmişdi. Bu əlavə qüvvələr belə, Bakıdakı mənəvi məğlubiyyəti aradan qaldıra bilmirdi. Birləşmiş düşmən qüvvələri arasında fərarilik artmışdı. Komandirlər isə sərt tədbirlərə əl ataraq bunun qarşısını almağa çalışırdılar. Türk ordusundan qaçan ərəb əsilli əsgərdən alınan məlumatlar ilə Deustervilin gördükləri və gələn məlumatlar tutuşdurulurdu. Qafqaz İslam Ordusunun Bakıya şimaldan hücum edəcəyi qənaətinə gələn erməni və ingilis hərbi birləşmələrinin böyük əksəriyyəti Heybət-Biləcəri-Balaxanı cəbhəsinə yığılmışdı. Süvari birlikləri isə Bakının qərbindəki Zığ bölgəsində toplanmışdı. Bakının ərzağı dəniz yolu ilə cənubdakı Lənkəran bölgəsindən gətirilirdi. Borular bir az əvvəl Türk ordusu tərəfindən kəsildiyi üçün şəhərdə dəhşətli su qıtlığı yaranmışdı
General Deustervil öz xatirələrində yazdığına görə, 13 sentyabr axşamı Bakıdakı birləşmiş qüvvələrin qərarı belə idi: Sol cinaha Veqsurab başçılıq edirdi. Bibiheybət və Qurd qapısı dağında Stanforda tabe şimal A bölüyü, onun sağında erməni batalyonu, Qurd qapısında rus əsgəri birlikləri, Qurd qapısının şərqində 800 metrlik ərazidə də Stanforda tabe şimal B qrupu yerləşmişdi. Bu bölüyün yanında Hacıhəsən kəndinin qarşısında erməni ordu birləşmələri yığılmışdı. Sol cinahda münasib yerlərdə toplar və ehtiyat qüvvələri yerləşdirilmişdi. Bakıdakı birləşmiş düşmən qüvvələrinin sağ cinahı Kazarovun komandanlığı altındaydı. Bu cinahın sol tərəfini – Hacıhəsən kəndindən Biləcəriyə qədər olan cəbhə xəttini Biçeraxova tabe əsgərlər qoruyurdu. Biləcəri stansiyasından Dərnəgülə qədər olan bölgə də ingilislərin nəzarəti altındaydı. Dərnəgül gölünün şimalında ermənilər, onlardan şərqdə isə yenə də ingilislər yerləşmişdi. Bakı-Binəqədi yolunun şərqindən başlayaraq 3 km-lik bir ərazidə ingilislərin 39-cu alayı, bu cəbhənin sağ üçündə isə ermənilər mövqe tutmuşdu. Birləşmiş qüvvələrin sağ cinahı da kifayət qədər pulemyot, topçu batareyaları və ehtiyat qüvvələrlə təchiz edilmişdi. Cəbhədəki Sentrokaspi ordusuna general Dokuçayev, ingilis hərbi birləşmələrinə də Kayvorth komandanlıq edirdi. Bakı əsas müdafiə xətti isə Sentrokaspi Müdafiə Naziri Baqratun ilə ingilis generalı Deustervilin idarəsi altında idi.
Nuru paşanın verdiyi əmrə əsasən, şimal Cəbhəsində yerləşən 15-ci piyada diviziyası komandanının sərəncamında 38 alay, 2 süvari alayı, Azərbaycan türklərindən ibarət süvarilər və milis batareyaları var idi. Qalan bütün hərbi qüvvələr 13-14 sentyabr gecəsində qərb cəbhəsinə göndərildi. Bakı cəbhəsindən əsl hücuma keçəcək 5-ci Qafqaz piyada diviziyasının tabeliyindəki 9, 10, 13 və 56-cı piyada alaylarının orduları bütün günü bölgədəki dəmir yolunun ətrafında olan vadilərdə düşmən kəşfiyyatçılarından gizlənərək keçirdi. Cəbhədəki topçu dəstəsinin böyük bir bölüyü də 5-ci Qafqaz piyada diviziyasının tabeliyinə verildi. Diviziyanın cəbhə uzunluğu 1500 metr, 15-ci piyada diviziyasının cəbhə genişliyi isə təxminən 30 kilometr olardı. Üstəlik iki diviziyanın sərəncamındakı hərbi qüvvələrin münasibətində də böyük bir qeyri-sabitlik var idi. Qərb cəbhəsindəki 1.500 metrlik sahədə dörd alay döyüşəcəkdi. Belə dar bir sahədə bu qədər ordunun döyüş qabiliyyətini tam göstərərək müharibədə iştirakı bir qədər çətin olardı.
Bakı cəbhəsində döyüşə hazır olan Qafqaz İslam Ordusunda Anadoludan gələn təxminən 8 min türk əsgəri, 7 min də Azərbaycanlı türklərdən ibarət milis qüvvələri dayanmışdı. Türk Qafqaz İslam Ordusunun 5 avqustdakı məğlubiyyətinin üstündən düz 39 gün keçmişdi.
Bakıdakı birləşmiş düşmən qüvvələrinin müdafiə xəttini yarmaq üçün 9 və 5-ci alaylar hazırlanmışdı.
Qaynaq:wikipedia.org