Döngələr
Nizami Gəncəvi
Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) (نظامی گنجوی) — Gəncədə anadan olmuş Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi.
Həyatı
Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncə də vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur
Ölüm günü
Nizami Gəncəvinin məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşda onun 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi yazılıb.
Yaradıcılığı
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını "Leyli və Məcnun" əsərində özünə qüsur tutmuş, sonra "Yeddi gözəl"də bu məsələyə bir daha toxunmuşdur:
Dilçə şerimizdə olsa da kəsir,
Mənaca böyükdür ondakı təsir.
Xəmsə
Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.
"Sirlər xəzinəsi"
"Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir. Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174-1175) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Ərzincan hakimi Fəxrəddin Bəhman Şah Davud oğluna həsr edilmişdir.
Poema hər biri dini və etik mövzulardan ibarət ayrı-ayrı parçalardan təşkil olunmuş 20 başlıqdan ibarətdir. Hər bir başlıq şairin özünə xitabı ilə bitir. Şair poemadakı hadisələri adil və nadan hökmdara bağlamış olur və onu bir növ gördüyü işlərinin çavabsız qalmayacağı ilə agah etməyə çalışmışdır. Nizaminin ideal həyat, cəmiyyət sorağında olduğu, insanları sosial təbəqəsindən asılı olmayaraq mənəvi təmizliyə çağırdığı poema boyu göstərilir və təbliq olunur. Bir neçə başlıqda o bilavasitə ədaləti, haqqı unutmamaqları üçün hökmdarlara səslənir.
"Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi.
Eyş-işrətlə vurursan öz ömrünü sona sən,
Fələk qatıb başını, oyuncaqsan ona sən.
Quranı, qılıncını bir kənara atmısan,
Əlində cam, sürahi nəşəylə baş qatmısan.
Nə güzgün, nə darağın bir an əldən düşəndir,
Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.
Rabiyə olmasaydı xilaskarı, köməyi,
Susuzluq təşnə düzdə öldürərdi köpəyi.
İgidsənsə, kişilik adından utan barı,
Ərsiz hünər göstərən qadından utan barı.
Qul olmusan iblisə, qəlbə girən şeytana,"
"Haqsızlığın odunda bir qarı yandı oda.
Səncərin ətəyindən yapışdı bir gün o da:
"Zülm əlindən qalmışam mən zarıya-zarıya,
Zülmün divan tutdurur bir köməksiz qarıya.
Kefli-kefli qapımın ağzını kəsdi darğan,
Təpiklədi doyunca, o ki var, əzdi darğan.
Bir günahım olmadan çölə atdı daxmadan,
Sürüklədi saçımdan fəryadıma baxmadan
Mən zülmün zindanında qansız gördüm yağını,
Ürəyimə, canıma basdı zülmün dağını.
"Sən dadıma çatmasan, şah demərəm adına,
Qiyamətin günündə çatmasınlar dadına.
"Dad, aman", deyə-deyə qalan görüm səni mən,
Zülmünün cəzasını alan görüm səni mən.
Hər elin hökmdarı el dərdinə qalandı,
Zülmün hara çatıb ki, var-yoxumuz talandı.
...
Qarıların nəyi var, quldurluqdan sən utan!
Utan, utan, onların ağ birçəyindən utan!"
"Xosrov və Şirin"
"Xosrov və Şirin" (خسرو و شيرين Khusraw o Shīrīn) (1180) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci əsəridir. "Xosrov və Şirin" poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur.
Şair bu əsərində məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə unudulmayan bədii surətlər, ədəbi qəhrəmanlar yaratmışdır. Bu qəhrəmanlar sırasında dünya ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur. Böyük mütəfəkkir şair bu poemasında həm də Şərq ədəbiyyatında ilk dəfə olaraq əmək adamını - Fərhad surətini dərin məhəbbətlə qələmə almış, onu həm əmək, həm də eşq fədası kimi şahlara nümunə göstərmişdir.
Tacı aydan yüksək o Qızıl Arslan
Qərbin pənahıdır. Şərqə hökmran.
Söylərkən o həkim bu xoş dastanı,
Çıxarıb içindən eşqi, fəğanı.
Altmış yaşındaydı yazanda bunu,
Saxlaya bilmirdi yayda oxunu.
Altmışda sevginin, eşqin həycanı
Titrədə bilməzdi yorğun qocanı.
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşikar:
Şəbdiz atın şəkli, Bisütun dağı,
Pərviz sarayının eyvanı, tağı...
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
...Eşqsiz olsaydı xilqətin canı
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir - qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Hanı o ədalət, o insaf hanı?
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Durub tərəf çıxan bir adam hanı?
Mən gövhərəm, neçin gərək əksiləm,
Çağrılmamış gedəm, məgər mən yeləm?
Alqış bu ölümə, əhsən Şirinə,
Öldürən Şirinə, ölən Şirinə.
Məhəbbət yolunda ölüm budur, bax,
Canana belədir canı tapşırmaq...
Çox gözəl arvad var mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir.
Bir çox sifətlər var insanda hələ,
Almasan yaxşıdır onları dilə.
Pis sözü ağzına alınca insan,
Qarnında öldürsə yaxşıdır, inan.
Bu dünya dolanıb döndükcə ruzgar,
Qoy səndən yaxşı söz qalsın yadigar.
Hər gün parladıqca sübhün güzgüsü,
Doğardı şərqin də Yusif üzlüsü.
Öz reyhan köksünə turuncu fələk
Qızıl bir turuncla verirdi bəzək.
Leyli də bəhs edib turunc fələklə,
Turunc çənəsini alardı ələ.
Turunclu gördükcə xalq o nigarı,
Açıldı eşqinin yetişmiş narı.
O təzə turunca baxdığı zaman
Turunc tək, əlini kəsərdi insan.
Qeys onun turunca bənzər üzündən
Saralıb narınca dönmüşdü bilsən.
Narıncla turuncun ətri dünyada
Dostlar damağını gətirdi dada.
Böyləcə bir müddət gəlib dolandı,
Bu iki nazənin odlara yandı.
Çəkib qılıncını zalım məhəbbət.
Bu gənc ürəkləri eylədi qarət.
Ürək əvəzində qəm verdi yalnız,
Ürəklə səbri də apardı vaxtsız.
Onlar bir-birinə könül verdilər,
Tezcə dildən-dilə düşdü bu xəbər...
Bunu söyləməkdə bir məqsədim var,
Səxavət qələdir, o, can qoruyar.
Məcnun bəslədikcə o heyvanları,
Çəkdi dövrəsinə bir can hasarı.
Hasar ətrafında gəzən hər heyvan
Məcnunun işinə yaradı hər an.
Məcnuna bənzəsən insanlıqda sən,
Dünyada nə qüssə, nə qəm çəkərsən.
Yeddi gözəl
Yeddi gözəl (farsca: Həft Peykər – هفت پیکر) — Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərdən biridir. Nizami Gəncəvi bu əsəri 1197-ci ildə tamamlamış və onu Marağa hakimi Ələddin Körpə Arslana ithaf etmişdir. Poemanın mövzusu qədim İran tarixindən götürülmüşdür. Əsərdə təsvir olunan hadisələrinmərkəzində Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gur dayanır. Şair əsərdə onun həyatını əks etdirmək adı altında, öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələr dolu bir əsər yaratmışdır. "Yeddi gözəl" adı rəmzi məna daşıyır. Lakin əsərə verilən bu romantik addan düzgün nəticə çıxarmaq lazımdır. Burada söhbət təkcə Bəhramın gözəllərlə əylənməsindən getmir, şairi düşündürən hökmdar və xalq problemi bu poemanın da mərkəzi xəttini təşkil edir. Bəhram ölkəni idarə etməyi əmək adamlarından çobandan öyrənib. O, fitnənin sözləri qarşısında öz səhvini başa düşüb haqsız hərəkətlərindən peşman olur. Şair ölkənin abadlaşması, xalqın firavan yaşaması üçün hökmdarı ədalətli olmağa, xalqa arxalanmağa çağırır. Nizaminin bu mövzuya nə qədər ciddi yanaşdığı, uzun müddət axtarışlar apardığını belə dilə gətirmişdir:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ,
Ərəbcə, dəricə, yeri düşərkən,
Buxari, Təbəri əsərlərindən.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Əlimə yetişən hər bir varaqdan
Nüsxələr bağladım mən zaman-zaman.
Onda ki fikrimi saldım səhmana,
Dedim ki, qoy onu düzüm dastana.
Oxuyan bəyənib afərin desin,
Ariflər, alimlər mənə gülməsin.
İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun zirəkdən-zirək.
Çalış zəhmətinlə xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Səhər qızıl taclı, sabah xeyli şən,
Bir taxt yaratmışdı fil sümüyündən,
Rəy deyən, iş görən qolu güclülər,
Amirlər, hakimlər, kimdə var hünər,
Ərəblər, əcəmlər hey atlandılar,
Şirlər meydanına qanadlandılar.
Şirbanlar gətirdi şirləri gəldi,
Açıb buraxdılar, meydan düzəldi.
Qızğın həmlə etdi şir üstünə şir,
Qazılırdı sanki Bəhrama qəbir.
Şirlər arasına o şir saxlayan
Gətirib tac qoydu tamam qızıldan
Bəhram ətəyini sancdı belinə,
Həmlə etdi dönüb sabah yelinə.
Nərəsi şirlərə vəlvələ saldı,
Onların əlindən tac vurub aldı.
Şirlər gördü şahın məharətini,
Onun şirliyini, cəsarətini.
İsgəndərnamə
İsgəndərnamə (fars. اسکندرنامه) — Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərindən sonuncusudur. Poemanın 1200-1203-cü illər arasında yazıldığı ehtimal edilir. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır. İyirmi min misraya yaxın olan "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. "Şərəfnamə" Abdulla Şaiq, "İqbalnamə" isə Mikayıl Rzaquluzadə tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir. Nizami bu poemanı yazarkən qədim dünyanın ən böyük sərkərdələrindən Makedoniyalı İsgəndəri öz əsəri üçün qəhrəman seçmiş, onun haqqında müxtəlif mənbələrdən material toplamış, onları öz həyat idealına istək və arzularına uyğun şəkildə işləyib möhtəşəm bir sənət əsəri yaratmışdır. İsgəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir. Onun hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi bir toyla tamamlanır. İsgəndərnamə poeması Nizaminin həcmcə ən böyük və son əsəridir. 60 illik yaradıcılıq təcrübəsindən sonra yazılmış həmin poemanı şair heç kimdən sifariş almadan, öz arzusu ilə yazmışdır. Əsərin qəhrəmanını o, tarixi bir şəxsiyyət, müharibələr aparmış işğalçı fateh kimi deyil, bədii obraz kimi canlandırmışdır. İki hissədən ibarət olan poemada müəllif əvvəlki əsərlərdə təsvir etdiyi bir sıra fikir və düşüncələrini ümumiləşdirmişdir. Nizami mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söhbət açmışdır. Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yolla iki mədəniyyətin sintezləşməsidir. İsgəndər yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış "Avesta" mətnlərini Yunanıstana göndərərək tərcümə edilib öyrənilməsini tövsiyə edir. İsgəndər Nizaminin yazdığına görə öz vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərlə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin "başçısızlar" ölkəsinə gəlib çıxmasıdır. O, buradakı insanların həyatı, düşüncəsi, bərabərliyə əsaslanan ictimai idarə üsulunu gördükdə heyrət edir. Nəhayət İsgəndər şimal zülmətində dirilik suyunun olması xəbərini eşidir və oraya yol tapmaq istəyir. Əbədi həyat vasitələrinin axtarışı ən qədim mədəniyyətlərdə, həmçinin şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər və ya Urmiya gölündəki adaların birində axtarılır. Onun çarəsini bu adanın sakini Uminanitdin bilir. Zərdüştilik inancına görə isə ölümsüzlüyün dərmanı "Hoym" bitkisidir. İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir. Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən "İsgəndərnamə" Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.
Dünya səviyyəsində tanınması
20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Professor bildirmişdir ki, dahi Nizaminin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. “Nizamini İtaliyada da yaxşı tanıyırlar”, - deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırib.
Qaynaq:wikipedia.org